“Ölkədə əyarı ən yüksək olan məhsul "Qızılbulaq" yatağındadır. "Qızılbulaq" mis-qızıl kolçedan yatağı Azərbaycanda ən məhsuldar yataqlardan biri olub. Mən özüm şəxsən o yataqda işləmişəm”.
FED.az xəbər verir ki, bunu aksiya iştirakçısı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, geoloq-alim Qamət Hüseynov deyib.
“Azərbaycanın yataqları içərisində "Qızlbulaq" yatağının özünəməxsus yeri var. Biz bu cür yataqları niyə itirməliyik?! Ölkədə əyarı ən yüksək olan məhsul "Qızılbulaq" yatağındadır. Orada qızılın əyarı 870-dir”, - alim vurğulayıb.
O bildirib ki, həmin yatağın istismar müddətinə qədər (işğala qədər) orada ciddi iş gedib: “İşğaldan əvvəl onun ehtiyatını hesablayıb təsdiq üçün SSRİ Geologiya Nazirliyinə göndərmişdik. Biz orada istismara başlayacaqdıq. İşğala görə alınmadı”.
Q.Hüseynov deyib ki, ötən 30 ildə ermənilər Azərbaycanın faydalı yataqlarını talayıblar: “Bizim buraya gəlməkdə məqsədimiz odur ki, öz haqqımızı tələb edək. "Qızılbulaq" yatağını xarici şirkət istismar edib, nə qədər tonlarla qızıl aparıb. Biz onları hesablayıb məhkəməyə verəcəyik. Beynəlxalq arbitraj məhkəməsinə müraciət edəcəyik ki, aparılan qızıl, gümüş, misin pulu hesablanıb Azərbaycanın dövlət büdcəsinə qaytarılsın.
Buraya gəlməkdə məqsədimiz haqqımızı tələb etməkdir, başqa heç nə istəmirik, sadəcə icazə istəyirik ki, biz gedib monitorinq aparaq, baxaq görək yatağımız nə gündədir”. (Report)