Avqustun 18-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə ilk köç karvanı yola salınıb.
Adambaşına 25 m2 mənzil sahəsi, ailəyə 12 sot həyət, 3-8 mərtəbəli binalar – Füzuliyə Qayıdış 2040-cı ilədək davam edəcək – MÜSAHİBƏ
FED.az xəbər verir ki, indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 23 ailə - 90 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma avqustun 5-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib. Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub.
Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.