Yaxın aylarda Füzuli rayonunun Dövlətyarlı, Dədəli və Pirəhmədli kəndlərində tikinti işlərinə başlanılacaq.
Yaxın 3 ildə Füzulidə 6 minə yaxın - EV TİKİLƏCƏK
FED.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun bu gün Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında bildirib.
Bundan başqa, sədr müavininin sözlərinə görə, Füzuli rayonunda daha 7 kənd üçün layihələndirmə işləri aparılacaq və həmin kəndlər 2026-cı ilə qədər bərpa ediləcək.
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Füzuli rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsində əhəmiyyətli işlər görüb. Bu il martın 18-də şəhərin Baş Planını Nazirlər Kabineti təsdiqləyib. 2022-2026-cı illərdə bərpa olunan yaşayış məntəqələri üzrə “ağıllı kənd” konsepsiyası ilə inşa olunacaq Dövlətyarlı kəndinin şəhərsalma əsaslandırılması təsdiq edilib, həmçinin Pirəhmədli və Dədəli kəndlərinin konsepsiyaları hazırlanıb, həmin sənədlərin də qısa müddət ərzində təsdiq edilməsi təmin olunacaq. Dövlətyarlı kəndində tikinti işlərinin cari ilin avqust ayında, Pirəhmədli və Dədəli kəndlərində isə cari ilin oktyabr ayında başlanılması planlaşdırılır", - deyə Namiq Hümmətov əlavə edib. (Report)