Füzulidə ümumi sahəsi 8,9 hektar olan yaşayış kompleksinin tikintisinin 2023-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.
FED.az xəbər verir ki, avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər.
Dövlət başçılarına məlumat verilib ki, ümumi sahəsi 8,9 hektar olan kompleks 38 yaşayış binasından ibarətdir. Binalar 4, 5, 6 və 7 mərtəbəlidir. Bu binalarda ümumilikdə 846 mənzil olacaq ki, onlardan 318-nin ikiotaqlı, 430-nun üçotaqlı, 98-nin isə dördotaqlı olması nəzərdə tutulur.
Altı bina və 144 mənzildən ibarət birinci məhəllənin tikintisi cari il avqustun sonlarında başa çatdırılacaq. Altı bina və 123 mənzildən ibarət ikinci məhəllə isə sentyabrda təhvil veriləcək. Ümumilikdə 579 mənzildən ibarət daha 26 binanın tikintisi bu ilin sonlarında başa çatdırılacaq.
Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, giriş və çıxış pandusları, istirahət guşələri, uşaq oyun və idman meydançaları da yaradılacaq.