Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsində düşmən işğalından azad olunan Füzuli rayonunda indi geniş quruculuq işləri gedir. Artıq bu gün Füzuli şəhərinə ilk köç baş tutub.
Adambaşına 25 m2 mənzil sahəsi, ailəyə 12 sot həyət, 3-8 mərtəbəli binalar – Füzuliyə Qayıdış 2040-cı ilədək davam edəcək – MÜSAHİBƏ
Bəs, Füzuli rayonu iqtisadi cəhətdən hansı potensiala sahibdir?
FED.az xəbər verir ki, iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, Füzuli rayonu iqtisadi cəhətdən böyük potensiala malikdir.
"İşğaldan əvvələ qədər Füzuli rayonu böyük potensiala malik kənd təsərrüfatı rayonu idi. Elə işğaldan əvvəl də rayon iqtisadiyyatının əsasını bu sahə təşkil edib. Rayonun əkin sahələrinin 77 faizindən taxılçılıq, 21 faizindən pambıqçılıq üçün istifadə edilirdi. Rayon həm də üzümçülük və heyvandarlıq da inkişaf etmişdi. Füzulidə geniş su ehtiyyatları da mövcuddur. Bunun sayəsində Füzulidə kənd təsərrüfatının bütün sahələrinin inkişafı üçün geniş imkanlar var", - deyə iqtisadçı vurğulayıb.
Ekspert qeyd edib ki, bu gün Füzuliyə köçün başlaması artıq həmin bölgənin ölkə iqtisadiyyatına renteqrasiyanın təməlin qoyacaq.
"Ora köçən əhali işlə təmin olunacaq, sosial obyektlərin də fəaliyyəti nəzərdə tutulub. Bu da onu deməyə əsas verir ki, Füzuli rayonunun iqtisadi həyatı bərpa olunmağa başlayacaq", - deyə Eyyub Kərimli qeyd edib.
Qeyd edək ki, bu gün Füzuli şəhərinə ilk köç başlayıb. İlk olaraq 23 ailənin doğma şəhərinə qayıdışı təşkil edilib. (Trend)