Füzulidə tikilən beynəlxalq hava limanında uzunluğu 3 km, eni 45 m olan uçuş-enmə zolağı, təyyarələrin dayanması üçün 60 min kvadrat metr sahədə 8 meydança, aerovağzal binası və köməkçi binalar və hava nəqliyyatının tənzimlənməsi üçün qüllənin tikilməsi nəzərdə tutulub.
Eləcə də bax: Füzulidə tikilən aeroportu idarə etmək üçün yeni şirkət - Yaradılıb
FED.az xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları”nın (AZAL) nümayəndəsi Valeh Əmiraslanov diplomatik korpus nümayəndələrinin Füzuli, Qubadlı və Laçına etdiyi bugünkü səfər zamanı deyib.
O bildirib ki, artıq uçuş-enmə zolağının torpaq yatağının çıxardılması başa çatıb. Həmin ərazi minalardan təmizlənib, torpağın 4 metr dərinliyinə qədər ərazi skanerlər vasitəsilə yoxlanılıb bu zaman çoxlu mina və partlamamış maddələr aşkar olunub və zərərsizləşdirilib.
“Bunun üçün Britaniyadan alınmış mina zərərsizləşdirici yüksək səviyyəli avadanlıqdan istifadə olunur. Bu mexanizmin idarə olunması üçün beş nəfər azərbaycanlıya təlim keçilib. Onların 2-si təlimi tamamlayıb, 3 nəfərin təlimi davam edir”, - AZAL-ın rəsmisi bildirib.
V. Əmiraslanov onu da qeyd edib ki, hazırda aerovağzal binasının bünövrəsi qazılır. Bütün bu işləri bu ilin payız mövsümünədək tamamlamağı planlaşdırılır. Beynəlxalq səviyyədə qeydiyyatdan keçirilmə işi tamamlanıb: “Beynəlxalq şirkətlərdən aeronaviqasiya sistemlərinin alınması ilə bağlı danışıqlar aparılır, müqavilələr imzalanıb. Avadanlıqların may ayının sonu – iyunun əvvəllərində əraziyə gətirilməsi planlaşdırılır. Hava limanı “Aerobus 380” təyyarəsi istisna olmaqla, çəkisi 400 tona qədər olan təyyarələri qəbul edəcək”. (Apa)