Füzuli Beynəlxalq Hava Limanında tikinti işləri final mərhələsindədir.
Eləcə də bax: Füzuli aeroportundan yeni görüntülər - Video
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov öz feysbuk səhifəsində yazıb.
Aeroportdan yeni görüntülər paylaşan V. Bayramov qeyd edib ki, bu ilin may ayında Füzuli Hava Limanının inşaatı ilə tanış olan zaman çoxlarımız üçün sentyabrda limanın artıq təyyarələri qəbul edəcəyi, bəlkə də bir arzu kimi görünürdü. Artıq hava limanında tamamlanma işləri aparılır:
“Füzuli aeroportu dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanı “Qarabağın hava qapısı” elan olunub. Bu isə ondan xəbər verir ki, sözügedən hava limanının istifadəyə verilməsi bir tərəfdən Qarabağın, digər bölgələrimizin, eyni zamanda, daha geniş anlamda dünya ilə əlaqələrinin daha genişləndirilməsinə imkan verəcək. Bu, Qarabağımızın iqtisadi re-inteqrasiyası baxımından vacibdir”.
Millət vəkili, həmçinin əlavə edib ki, işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir:
“Bu, əlavə 5 milyard manatdan artıq yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək”.