Aprelin 23-də Ermənistanla sərhəddə, Həkəri çayının üzərindəki körpüdə sərhəd-keçid məntəqəsinin qurulması ilə Azərbaycanın dövlət sərhədləri tam bərpa olundu. Dünən sərhədçilərimiz məntəqə üzərində üçrəngli bayrağımızı qaldıraraq fəaliyyətə başladılar. Bundan sonra proseslər hansı istiqamətdə cərəyan edəcək və növbəti addımlar nədən ibarət olacaq?
“Davosdakı iqtisadi çəkimiz Münhendə özünü siyasi və diplomatik müstəvidə göstərdi”
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib ki, Laçındakı sərhəd-keçid məntəqəsində tez bir zamanda gömrük işinin təşkil olunmasıdır.
Deputat qeyd edib ki, Ermənistanla sərhədin Laçın hissəsində artıq sərhəd-keçid məntəqəmiz qurulub və sərhədçilər üçrəngli bayrağımızı qaldırıblar: “Növbəti addım burada gömrük işinin təşkil edilməsidir. Ermənistandan gətirilən istənilən yük isə gömrük yoxlamasından keçməlidir. Son iki il ərzində sərhəddə nəzarətin olmamasının acı nəticələrini gördük. Ermənistandan hətta silah-sursat keçirməyə cəhd olmasa belə, sərhəddə gömrük işi bərqərar olmalıdır. Azərbaycan müstəqil dövlətdir və sərhədlərinin hakimidir”.
E.Allahverdiyevin sözlərinə görə, hər bir dövlətin sərhədində gömrük yoxlamasını təşkil etməsi onun suveren hüququdur və təhlükəsizliyinin tələbidir: “Gömrük sistemimiz bütün sərhədlərimizdə effektiv fəaliyyət göstərir. Qarabağ Azərbaycan ərazisidir. Biz bunu sübut etmişik, dünya da qəbul edib. Ona görə də bütün sərhədlərimizdə olduğu kimi, Ermənistanla da sərhəddə gömrük fəaliyyət göstərməli və müvafiq prosedurları həyata keçirməlidir”.
Deputat hesab edir ki, müharibədən qısa müddət keçməsinə baxmayaraq, Azərbaycan azad edilmiş torpaqlarında sürətli bərpa, tikinti-quruculuq işləri həyata keçirir: “Sərhəd-keçid məntəqəsinin inşası, lazımi texnika və avadanlıqlarla təminatı, şəffaf gömrük işinin təşkili tədbirləri də ümumi quruculuq kontekstində həyata keçiriləcək prosesdir. Bütün sərhəd-keçid məntəqələrində əsaslı yenidənqurma işləri həyata keçirilir. Bu barədə mediadakı xəbərlərdə kifayət qədər məlumat verilib. Bizim sərhədlərimizdəki dövlət xidmətləri müasir standartlara cavab verir. Laçındakı məntəqədə də belə olacaq, gömrük yoxlamasından tutmuş “Duty free” vergisiz alış-veriş nöqtəsinin təşkilinədək”.
“Laçındakı məntəqə bütün müasir standartlara cavab verən yardımçı infrastrukturla təchiz edilməlidir. Ermənistan nə qədər etiraz etsə də, Zəngəzur dəhlizinin reallaşması qaçılmazdır. Gec-tez İrəvanda başa düşəcəklər ki, tək tranzit haqqından büdcələrinə əhəmiyyətli vəsait daxil ola bilər. Laçın yolu bu qlobal logistik dəhlizin qollarından biri funksiyasını yerinə yetirəcək. Ona görə də, bütün işlərimiz kimi, buradakı sərhəd-keçid məntəqəmiz də gələcəyin tələblərinə cavab verməlidir. Yanacaqdoldurma məntəqələrindən tutmuş, hotelədək bütün infrastruktur qurulmalıdır. Qarşıda bütün bunların reallaşmasını gözləməliyik”, - deyə deputat vurğulayıb.