Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Bu barədə FED.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.
Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.
Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub.
Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb.
Qəsdən törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.