“Ermənistana doğru hərəkət edən İranın yük maşınlarının marşrutu dəyişməyib və bu yük
maşınlarının hərəkəti əvvəlki prosedura uyğun olaraq adi rejimdə həyata keçirilir”.
Eləcə də bax: Prezident İranın yük maşınlarından danışdı - “Bizə qarşı hörmətsizlikdir”
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan əyalətinin Yol və Nəqliyyat Təşkilatının Baş direktoru Orucəli Əlizadə deyib.
Onun sözlərinə görə, İrana məxsus yük maşınları Nurduz sərhədi üzərindən köhnə marşrutu istifadə edirlər və ticarət əvvəlki qaydada davam edir.
O.Əlizadə, həmçinin qeyd edib ki, bu yük maşınlarının tranzit yolu ilə hərəkət etməsinə heç bir maneə yoxdur.
Qeyd edək ki, son zamanlar İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı. Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Bununla bağlı Azərbaycanın Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində polis postu qoyulub. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.