Martın 20-si saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutub.
FED.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu kiçik çavuş Manafov Ramin Sübhi oğlu qarşı tərəfdən açılmış atəş nəticəsində yaralanıb.
Hərbi qulluqçu ixtisaslaşmış tibb müəssisəsinə təxliyyə edilərək əməliyyat olunub, həyatı təhlükəsi yoxdur.
Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin tam nəzarəti altındadır.
Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir və buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür.