“Əlbəttə, əgər Ermənistan atəşkəsə əməl etsə, - mən artıq bütün əmrlərimi vermişəm, - komandanlıqlara əmrimi vermişəm, biz dayanırıq. Biz imzamıza hörmətlə yanaşırıq. Qarşı tərəf də dayanmalıdır. Çünki dayanmasa, biz də dayanmayacağıq”.
Eləcə də bax: İmzalanmış tarixi sənədin TAM MƏTNİ
FED.az xəbər verir ki, bunu noyabrın 10-da xalqa müraciətində Prezident İlham Əliyev bildirib.
Prezident “İndi beynəlxalq müşahidəçilər yaxşı bilirlər ki, kim atəşkəsi pozub”,- deyərək sözlərinə belə davam edib: “Birinci dəfə kim pozub Gəncəni ballistik raketlə bombalayanda, ikinci dəfə kim pozub beş dəqiqə atəşkəs vaxtından keçməmiş və üçüncü dəfə Bərdəni kasetli raketlərlə vurmaqla. İndi bu dəfə də pozsa, artıq mən hesab edirəm ki, özü lap peşman olacaq. Ona görə biz istədiyimizə nail ola bilmişik. Biz düşməni məcbur edə bilmişik. Mən faktiki olaraq onlara ultimatum vermişəm. Demişəm ki, çıxmalısan, çıxmasan sona qədər gedəcəyəm. Sona qədər! Ayın 8-də Şəhidlər xiyabanında demişəm ki, sona qədər gedəcəyəm və heç bir qüvvə məni dayandıra bilməz.
Biz bu qələbəni döyüş meydanında qazandıq. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi.
Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonları bizə siyasi yollarla qayıdır. Amma burada Ermənistan tərəfinin xoş niyyətini axtarmaq yersizdir. Onlarda xoş niyyət deyilən anlayış bütövlükdə yoxdur. Sadəcə olaraq, məcbur olub. Çünki bilirdi ki, bu sənədə imza atmasa, özümüz alacağıq bu torpaqları. Hər kəs bunu bilirdi. Mən demişdim ki, qan tökmək istəmirəm, müharibəni dayandırmalıyıq, rədd olsun bizim torpaqlarımızdan! Belə də oldu.”