Azərbaycan 45 günlük Vətən müharibəsini tam qələbə ilə başa vurdu, bu proses Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Azərbaycan təkcə hərbi yolla 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi.
İndi ortaya çıxan əsas suallardan biri ermənilərin yaşayacağı ərazilərin necə idarə olunacağı, Azərbaycan hökumətinin burada atacağı addımlardır.
FED.az-ın məlumatına görə, MM-in deputatı Fazil Mustafa “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Laçın dəhlizində təhlükəsizliyə Azərbaycanın təminat verməsi birbaşa müdaxilə etmək imkanımızı bizdə saxlayacaq:
“Sülhməramlı kontingentin sayının süni şəkildə artırılmaması, orada Azərbaycana uyğun olmayan şəxslərin yerləşdirilməməsi, həmin ərazidən gedən yüklərin yoxlanılmasına nəzarət edəcəyik. Yük avtomobillərinin içində silah-sursat, partlayıcı maddələr və digər qanunsuz yüklərin daşınmasının qarşısı alınacaq.
Ermənilərin Gorusdan Xankəndiyə gedib-gəlmələrinə Azərbaycan dövlət məmurları nəzarət edəcək. Sülhməramlılar isə yolu qoruyacaqlar ki, həmin dəhlizdə tərəflər arasında hər hansı problem çıxmasın. Amma dəhlizin yükdaşımalarına Azərbaycan nəzarət edəcək. Laçın dəhlizi Azərbaycan dövlətinin ərazisi kimi qalır və burada sülhməramlıların yerləşdirilməsinə Azərbaycan razılıq verir. Ermənistanda Mehri yolu da Ermənistan ərazisi olaraq qalır, lakin orada təhlükəsizliyə Rusiya təminat verir.
Ermənistan məğlub dövlət kimi öhdəlik götürüb və buna əməl etməlidir. Əgər əməl etməsə, gələcəkdə Azərbaycanın istənilən vaxt döyüş əməliyyatlarına başlamaq ixtiyarı var. Bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində həll edilir. İnzibati ərazi hakimiyyəti bizdə olacaq və ermənilər Azərbaycan bayrağı altında yaşayacaqlar. Hər bir rayonda Azərbaycan dövlətinin atributları olacaq, oranın artıq Ermənistana heç bir aidiyyatı yoxdur. Orada sadəcə Azərbaycan vətəndaşı olacaq ermənilər yaşaya biləcək. Polis də, məhkəmə də bizim olacaq”.
Qeyd edək ki, bu gün Türkiyə və Rusiya arasında atəşkəsə nəzarətlə bağlı müqavilə imzalanıb. Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısını almaq üçün tədbirlər bu mərkəz vasitəsilə həyata keçiriləcək. Artıq Türkiyənin də sülhməramlıları Laçın dəhlizində, Xankəndidə və digər ərazilərdə Rusiya sülhməramlıları ilə birgə işləyirlər.