Dekabr ayının 8-də saat 21:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində, Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And və Tsav yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutub.
Bu barədə FED.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, görülən cavab tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurulub: "Əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir. Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir".