Qarabağda erməni döyüşçülərinin daha bir lideri, Arkadi Karapetyan etiraf edib ki, Azərbaycan ordusu Şuşanın girişinə gəlib çatıb.
FED.az xəbər verir ki, əhaliyə müraciətində general Ermənistanın bütün əhalisini köməyə çağırıb, əks halda ordu ilə birlikdə Yerevana gələcəkləri ilə hədələyib.
Ermənistanda insanlar burada nə baş verdiyindən xəbərsizdirlər. Hərbi əməliyyatlar Şuşanın ətrafında gedir. Mən bilmirəm, orada Ermənistanda nə danışırlar, amma döyüşlər az qala Şuşanın divarlarınna çatır. Türklər bizimlə kontakta girmirlər (üzbəüz hücum etmirlər – FED.az), onlar sadəcə raketlər və toplarda «işləyirlər». Sonra isə gəlib bizim hölak olan döyüşçülərin mövqelərini tuturlar. Mən bunları panika üçün yox, sadəcə bilməyiniz üçün deyirəm».
İndi bizə sizin göndərdiyiniz konfet və qoz-fındıq yox, real köməyiniz lazımdır. Əks halda bir Ermənistana ordu ilə gələcəyik. Əgər bizim xalq bir yerdədirsə, siz köməyə gələcəksiniz. Ya da deyin ki, biz burada tək qalmışıq. Bizə hava məkanını bağlamaq üçün müasir silahlar lazımdır. Bu sirr deyil, bunu Qarabağda hamı bilir və görür.
İndi göydən bizim başımıza nə gəldi tökürlər və biz buna qarşı heç nə edə bilmirik»-deyə generalın erməni xalqına video müraciətində bildirilir.
Maraqlıdır ki, bu müraciətdən sonra erməni istifadəçilərinin əksəriyyəti Karapetyanı söyməyə başlayıb.
Arkadi Karapetyan ermənilərin məşhur komandirlərindəndir, O 1958-ci ildə Xankəndində anadan olub, 70-ci illərdən gizli olaraq separatçılıq fəaliyyətinə qoşulub, 90-cı illərdə ən aktiv separatçılardan olub.
Xatırladaq ki, bir qədər əvvəl Qarabağ ermənilərinin lideri Araik Arutunyan da bildirmişdi ki, Azərbaycan ordusu Şuşanın 5 kilometrliyinə çatıb.