Bu gün Milli Məclisin plenar iclasında millət vəkili Elnur Allahverdiyev Ermənistanın işğal dövründə Azərbaycan dövlətinə və vətəndaşlara vurduğu iqtisadi ziyan probleminə toxunub.
FED.az Qafqazinfo-ya istinadən xəbər verir ki, deputat hesab edir ki, həm dövlət səviyyəsində, həm də vətəndaşların fərdi iddiaları əsasında Ermənistandan vurulan zərərə görə kompensasiya tələb edilməlidir.
“30 ilə yaxın müddətdə erməni işğalı altında qalmış, vəhşicəsinə dağıdılmış, talan edilmiş, tanınmaz hala salınmış torpaqlarımızda sürətlə geniş quruculuq işləri gedir. Cənab Prezident İlham Əliyev və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti və himayəsi ilə şəhərlərimiz və kəndlərimiz bərpa olunur. Bu, çox böyük zəhmət və maddiyat tələb edən prosesdir. Digər tərəfdən içğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi həyata keçirilir. Dövlət başçısı bugünlərdə qeyd etdi, minatəmizləmə işlərinin tam başa çatması üçün milyardlarla dollar vəsait və illər tələb olunur. Təbii ki, dövlətimiz qüdrətlidir, vətəndaşlarımız normal həyat, rifah üçün hər şeylə təmin olunacaqlar. Ancaq bir məsələ bizi narahat etməkdə davam edir və fikrimcə, biz bu problemi mütləq qaldırmalı, haqqımızı tələb etməliyik. Problem budur: bütün bu vəhşilikləri törətmiş, insanlarımızı qətl etmiş Ermənistan ölkəmizə vurduğu iqtisadi zərəri nə vaxt ödəyəcək?” – deyə Elnur Allahverdiyev vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, zərər həm dövlətə dəyib, həm vətəndaşa: “Onminlərlə bina, şəxsi ev və təsərrüfat, təhsil ocaqları, mədəniyyət sarayları, iqtisadi infrastruktur, administrativ binalar yer üzündən silinib. Tarixi abidələrimiz dağıdılıb, məscidlərimiz təhqir olunub və məhv edilib. Bütün bunların danılmaz sübutları var. Bu cinayəti törədənlər məlumdur: Ermənistan dövləti və onun rəhbərləri, xalqımızın qanı üzərində əyalətdən Yerevana köçüb özlərinə hakimiyyət qurmuş, vəzifə sahibi olmuş Köçəryan, Sarkisyan, Balasanyan, Babayan, qanlı erməni generallar! Onlar törətdikləri faşizm əməllərinə görə niyə cavab verməməlidirlər? Nə səbəbdən Ermənistan dövləti buna məcbur edilməməlidir? Bu dövlət, bu cinayətkarlar, Xocalı qətliamının müəllifləri insanlarımızın 28 illik həyatlarını qəsb ediblər!”
Millət vəkili həmkarlarına və bütövlükdə cəmiyyətə çağırış edib: “Fikrimcə biz bu məsələni bütün tribunalardan səsləndirməli, aktuallaşdırmalıyıq. İctimaiyyətimizi hazırlamalıyıq. Bir milyona yaxın soydaşımıza mənəvi zərbədən əlavə milyardlarla dollarlıq ziyan dəyib. Ermənistan dövləti bu ziyanı ödəməlidir. Hansı yolla olursa olsun. Belə hallarda beynəlxalq hüquq nəyi necə tələb edirsə, ona da nail olmalıyıq. Bu terrorçu, təslim olmuş dövlət himayədarlarından cürət alıb bizimlə sülh müqaviləsinin ticarətini etmək istəyir. Vurduğu iqtisadi ziyanın unudulacağına ümid edir. Bunun qarşısını almalıyıq. Beynəlxalq təşkilatların tribunaları, beynəlxalq məhkəmələr vasitəsi ilə haqqımızı tələb etməliyik: Ermənistan dövlətimizə, xalqımıza qarşı törətdiyi cinayətə görə məhkəmə qarşısında cavab verməli, bizə dəyən iqtisadi zərəri ödəməlidir, əks halda cazasını almalıdır!”