“Ermənilər hərbi meydandakı ağır məğlubiyyəti informasiya məkanındakı üstünlüklə əvəzləyib, onu gələcəkdə silahlı məkana daşımağa çalışır”.
Eləcə də bax: İlham Əliyev: “Biz təzminat tələb edirik”
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdadə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda keçirilən konfransda bildirib.
O qeyd edib ki, təzyiqlərin gələcəkdə artması ehtimalı dövlətimizdən Hibrid Hücumlarla Mübarizə Mərkəzinin yaradılmasını tələb edir: “44 günlük müqəddəs müharibənin nəticələrinin beynəlxalq legitimliyi etibarlı dövlət statusumuzdan və hərbi cinayətlərə qarşı siyasətimizdən çox asılıdır.
Deputat əlavə edib ki, bunun üçün aşağıdakılar edilməlidir:
• İlk növbədə, I və II Qarabağ savaşını əhatə edən Müharibə Cinayətlərinin Cəzalandırılması Komissiyasının yaradılması. Bu halda son 34 ilin hərbi cinayətlərini vahid platformada və siyasətdə birləşdirmək olar.
• İkincisi, Azərbaycan həqiqətlərinin yayılması işində Avropa təhlükəsizliyi reallıqlarını dərk edən və ölkəmizə rəğbəti olanların səfərbərliyi tələb olunur. Baxın Avropa Komissiyasının prezidenti Ursula Fon der Layenə qarşı ləkələmə kampaniyası aparılır, bizsə sakitcə tamaşa edirik. Halbuki onun müdafiəsi iqtisadi-siyasi mənafelərimiz üçün çox gərəkdir.
• Üçüncüsü, Ukraynaya təkcə Amerikanın yardımlarının miqdarı 26 milyard dollar təşkil edir, iqtisadiyyatının xilası üçün 500 milyard yardım vəd olunub. Alqışlayırıq, lakin Zəngilanın bir kəndini tikmək üçün o dövlətlərin dəstəyi ilə beynəlxalq donor konfransları və fondlarının təşkili üçün dünya azərbaycanlılarının fəal kampaniyası yerinə düşər.
• Dördüncüsü, keçmiş köçkünlərə vurulan maddi ziyanların qiymətləndirilməsini tezləşdirərək, bir milyon insanın Ermənistana “evimin təzminatını ödə” aksiyası ciddi hüquqi-siyasi nəticə doğurar.
• Beşincisi, əgər düşmən tərəfinin 34 illik hərbi cinayətlərə görə təzminat ödəməyə imkanı yoxdursa, dünyada onun əvəzini torpaq və digər alternativ vasitələrlə tələb etmək nümunələri var. Zəngəzur dəhlizi xalqımıza qarşı edilən müharibə cinayətlərinin, vurulan mülki və iqtisadi ziyanların əvəzində tam Azərbaycanın istifadəsinə verilməlidir!