Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək.
Eləcə də bax: Füzuli aeroportu böyük gün üçün hazırdır... - FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı Azərtac-a istinadən xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə inşa edilən ilk hava limanı - Füzuli Beynəlxalq Hava Limanı cəmi 9 ay ərzində qurularaq sınaq uçuşları həyata keçirildi. Bu gün isə hava limanının rəsmi açılış mərasimi reallaşdı. Füzuli Beynəlxalq Hava Limanı ermənilər tərəfindən tamamilə dağıdılmış və xarabalığa çevrilmiş şəhərdə inşa edilən aeroportdur. Bu da hava limanının xüsusi özəlliklərindəndir. Artıq Füzuli şəhəri də inşa edilir və yaxın illərdə şəhərdə ilkin məskunlaşma olacaq. Məhz ondan sonra hava limanının əhəmiyyəti daha da artacaq.
“Füzuli şəhərini Şuşa ilə birləşdirəcək Zəfər yolu da hazırdır. Bu da o deməkdir ki, xarici və yerli nümayəndə heyəti hava limanı vasitəsilə Azərbaycanın mədəniyyət paytaxtına səfər edə biləcəklər. Füzuli Beynəlxalq Hava Limanı hər növ təyyarələri qəbul etmək imkanına malikdir. Bərpa olunan Qarabağda yükdaşımaların əhəmiyyətini nəzərə alsaq, hava limanı prosesə xüsusi töhfə vermiş olacaq. Füzuli Beynəlxalq Hava Limanı Qarabağımızın Azərbaycan iqtisadiyyatına reinteqrasiyası baxımından vacibdir. Bərpa və yenidənqurma mərhələsindən sonra işğaldan azad olunan ərazilərimizin Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu, əlavə 5 milyard manatdan artıq yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan yaxın gələcəkdə Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək”, - deyə V.Bayramov diqqətə çatdırıb.