Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub.
Şuşanın və Daşaltı kəndinin içməli su təchizatı sistemləri - YARADILIR
FED.az xəbər verir ki, görüləcək işlər 65 hektara yaxın ərazini əhatə edir.
Buraya 220 ailənin köçürülməsi planlaşdırılır. Məskunlaşdırılması nəzərdə tutulan əhalinin ümumi sayı isə 1100 nəfər olacaq. Sakinlərin yaşayışı üçün ümumilikdə 228 ev inşa ediləcək. Bundan başqa, ikimərtəbəli çoxmənzilli 9 bina, ikimərtəbəli bloklaşdırılmış (“townhouse” tipli) 66 ev və 153 ikimərtəbəli fərdi ev tikiləcək. Kənddə, həmçinin məscid, Bayraq meydanı, informasiya mərkəzi, qonaq evi, xalq sənətkarlığı emalatxanaları, qida məhsullarının satış köşkləri, ictimai-iaşə və ticarət obyektləri, sərgi salonu, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, poçt şöbəsi, klub-icma mərkəzi, otel və istirahət mərkəzi, aktiv turizm və istirahət zonalarının yaradılması planlaşdırılır.
Bildirilib ki, ikimərtəbəli bloklaşdırılmış (“townhouse” tipli) evlər konsepsiyası kənd ərazisində şəhərin praktikliyini təmin etmək məqsədi daşıyır. Bir-birindən ortaq divarla ayrılan üçotaqlı və dördotaqlı yaşayış blokları optimal quruluşuna görə az sahədə bir neçə ailənin yaşamasına imkan yaradır və eyni zamanda, onların hər birini şəxsi həyət və terras ilə təmin edir. Həmçinin azmərtəbəli çoxmənzilli tikililər ərazidə yüksək sıxlıq yaratmamaqla əhalini kiçik sahədə yerləşdirmək imkanı verdiyinə görə kəndin planlaşdırılmasında ən optimal həll hesab olunur. Binaların ətrafında sakinlər üçün ümumi istirahət sahələri, yaşıllıqlar, avtomobil dayanacaqları nəzərdə tutulub.