Oktyabrın 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi növbəti mərhələdə Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirib.
Zəngilan şəhəri belə olacaq - VİDEO
Komitədən FED.az-a verilən xəbərə görə, tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin, Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.
Püşkatmada 33 ailə (177 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 10-u üçotaqlı, 15-i dördotaqlı, 8-i beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.
Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər.
Püşkatmanın iştirakçıları doğma yurda qayıdışdan çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər. Onlar işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Püşkatmada iştirak etmiş ailələr, qrafikə uyğun olaraq, oktyabrın 26-ı və 28-də Ağalı kəndinə yola salınacaqlar.