“Yunanıstan Hökumətini Nazirlər Komitəsində sədrliyinin uğurla başa çatması münasibətilə təbrik etmək və gələcək Almaniya sədrliyinə tam dəstəyimizi ifadə etmək istərdim”.
XİN-dən FED.az-a verilən məlumata görə, bunu Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasında çıxışı zamanı deyib.
O bildirib ki, 2021-ci ilin yanvar ayında Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20-ci ildönümü tamam olacaqdır: “Ötən illər ərzində təşkilatda üzvlük Azərbaycanda insan hüquqları, demokratiya və qanunun aliliyinə hörmətin gücləndirilməsinə töhfə vermişdir və biz bu vacib işi davam etdirməyə hazırıq”.
Nazir qeyd edib ki, Avropa Şurasına üzv olarkən, Azərbaycan və Ermənistan Dağlıq-Qarabağ münaqişəsinin həlli üzrə birgə öhdəlik götürmüşlər: “Bu münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin qeyri-qanuni işğalı və 1 milyona yaxın Azərbaycan vətəndaşının məcburi köçkünə çevrilməsi ilə nəticələnmişdir. ATƏT-in Minsk Qrupu çərçivəsində son 28 il ərzində aparılan vasitəçilik səyləri Ermənistanda bir-birini əvəz etmiş hökumətlərin təcavüzkar və işğalçı siyasəti səbəbindən heç bir nəticə verməmişdir. Xatırlatmalıyam ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarında Azərbaycanın işğal edilmiş ərazilərinə Ermənistan tərəfindən effektiv nəzarətin həyata keçirildiyini təsbit etmişdir. Hətta bu qərardan sonra belə, Ermənistan öz məsuliyyətini rədd etməkdə davam etmiş və buna görə heç bir tədbirə məruz qalmamışdır.
“Qarabağ-Ermənistandır” bəyanatı, eləcə də “yeni ərazilər üçün yeni müharibə” doktrinasının elan edilməsi də daxil olmaqla, təxribat səciyyəli silsilə addımlarının davamı olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyi 27 sentyabr tarixində Azərbaycana qarşı yeni hərbi təcavüzə başlamışdır. Hərbi əməliyyatların ilk günündən etibarən, Ermənistan Azərbaycanın sıx məşkunlaşmış və münaqişə zonasından kənar yerləşən ərazilərini ağır atəşə tutmaqdadır. Bunun nəticəsində 12 uşaq daxil olmaqla, 91 nəfər mülki vətəndaş həlak olmuş, 400-dən artıq şəxs isə yaralanmışdır. Xüsusilə, çoxsaylı mülki şəxslərin qətli ilə nəticələnmiş Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə gecə saatlarında edilmiş iki ballistik raket hücumu, habelə Bərdə şəhərinə digər 2 qeyri-insani və xain raket hücumunu qeyd etmək istərdim. Ermənistanın açıq-aydın müharibə cinayəti təşkil edən bu əməlləri Avropa Şurası daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanılmalıdır.
Azərbaycan Ermənistanın təcavüzünə cavab səciyyəli əks-hücum tədbirlərini BMT Nizamnaməsinin 51-ci maddəsi üzrə özünümüdafiə çərçivəsində aparır və bu xüsusda, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərə sadiq qalır. Azərbaycan sadəcə Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərindən dərhal, şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsinin icrasına çalışır. Avropa Şurası Parlament Assambleyasının 1416 (2005) və 1614 (2008) saylı qətnamələri BMT Təhlükəsizlik Şurasının bu qətnamələrinə əməl olunmasını tələb edir və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə çağırır.
Bu, Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan və erməni icmalarının sülh şəraitində birgəyaşayışının, eləcə də Avropa Şurasının iki üzv dövləti arasında davamlı sülhün və daha geniş bölgədə əmin-amanlığın bərqərar olunmasının ən qısa yoludur”.