Bu ilin 09-12 yanvar tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Daşkəsən, Füzuli, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Yevlax rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən – 14 (on dörd) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2 (iki) müraciət daxil olub.
ANAMA-dan FED.az-a verilən məlumata görə, daxil olmuş 16 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 44 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 126 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd bombacıq, 6 ədəd piyada əleyhinə mina, 47 ədəd tank əleyhinə mina, 19 ədəd tank əleyhinə mina partladıcısı, 10 752 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd PKA silahı və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 112 ədəd partlamamış hərbi sursat (PHS) və 602 ədəd mina zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 84 165 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.