Prezident İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibə verən zaman jurnalistin bəzi iddialarına da cavab verib.
Eləcə də bax: Prezident “BBC News”a müsahibə verib - TAM MƏTN
FED.az müsahibənin həmin hissəsini təqdim edir.
- Onların Azərbaycanda insanların eşitdiyi, lakin malik olmadığı bütün insan haqları olacaqmı? Onların tamamilə azad mediası olacaqmı? Onların səsini qaldırmağa icazəsi olan müxalifəti olacaqmı? Onlar burada, Azərbaycanda insanların malik olmadığı şeylərə malik olacaqmı?
- Siz hesab edirsiniz ki, insanların bu haqları yoxdur? Nəyə görə siz Azərbaycanda insanların azad mediaya və müxalifətə malik olmadığını düşünürsünüz?
- Çünki mənə bu barədə müstəqil mənbələrdən məlumat veriblər.
- Hansı müstəqil mənbələrdən?
- Bir çox müstəqil mənbələrdən.
- Deyin mənə, hansılardır?
- Əlbəttə ki, mən onların adlarını çəkə bilmərəm.
- Əgər siz onların adlarını deyə bilmirsinizsə, bu, o deməkdir ki, siz bir hekayə uydurursunuz.
- Siz deyirsiniz ki, media dövlət nəzarəti altında deyil?
- Xeyr. Əsla yox.
- Fəal azad müxalif media var?
- Əlbəttə ki.
- Mən bunu harada görə bilərəm?
- Siz bunu internetdə görə bilərsiniz. Siz bunu hər yerdə görə bilərsiniz.
- Qəzetlərdə yox.
- Niyə? Siz bunu qəzetlərdə görə bilərsiniz. Sizdən soruşa bilərəmmi, siz burada kimi müxalifət adlandırırsınız?
- Burada müxalifətin olmasına icazə varmı?
- Bəli, icazə var.
- QHT-lər təqiblərə məruz qalır, jurnalistlər təqiblərə məruz qalır.
- Xeyr, əsla.
- Tənqidçilər həbsxanadadır.
- Xeyr, əsla.
- Bunların heç biri həqiqət deyil?
- Tamamilə feykdir. Tamamilə. Bizim azad mediamız var. Bizim azad internetimiz var. İndi hərbi vəziyyətə görə bizim bəzi məhdudiyyətlərimiz var, lakin əvvəllər heç bir məhdudiyyət yox idi. Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim “Facebook”da milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu, sizin ölkədə azad mətbuatın təzahürüdür?
- Biz burada mənim ölkəmi müzakirə etmək üçün deyilik.
- Xeyr, gəlin müzakirə edək. Gəlin, müzakirə edək.
- Yox, Prezident Əliyev.
- Ermənilərin burada azad mətbuatının olmayacağı ilə bağlı məni ittiham etmək əvəzinə, gəlin, Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğul olduğunuz halda, sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur.
- Münaqişəyə qayıdaraq...
- Bəli, yaxşı olardı ki, münaqişəyə qayıdasınız, çünki bu, sizin xoşunuza gəlmir. Sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir. Amma güzgüyə baxın. Mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız.
- Mən onu həbsxanada saxlamıram, Prezident Əliyev.
- Bu, sizin xoşunuza gəlmir.
- Bu, xoşa gəlmək məsələsi deyil.
- Siz buna öyrəşməmisiniz.
- Bu, bizim müsahibənin mövzusu deyil.
- Çünki siz ancaq hücum etməyə adət etmisiniz.
- Bu, bizim müsahibənin mövzusu deyil.
- Bu, müsahibənin mövzusu deyil, amma siz bunu qaldırırsınız.
- Siz bu məsələni qaldırdınız.
- Xeyr, siz qaldırdınız.
- Siz Asanj məsələsini qeyd etdiniz.
- Siz dediniz ki, əgər ölkənizdə azad media yoxdursa, ermənilər müxalifətsiz sizin ölkədə necə yaşaya bilərlər? Bu, sizin sözlərinizdir, ittihamdır. (Report)