Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç olacaq.
Bu barədə FED.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Belə ki, avqustun 4-də Dövlət Komitəsində növbəti mərhələdə Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirib. Tədbirdə Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Püşkatmada 22 ailə (106 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 9-u üçotaqlı, 9-u dördotaqlı, 4-ü beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.
Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər.
Püşkatmada iştirak etmiş ailələr, qrafikə uyğun olaraq, avqustun 12-də Ağalı kəndinə yola salınacaqlar.