“Xeyr, həbsdə olanlar törətdikləri cinayətlərə görə həbs ediliblər. Burada siyasi ittiham irəli sürülmüş heç kim yoxdur və müxalifət...”
FED.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin “Azərbaycanda bir çox müxalifət üzvləri də həbsdə deyilmi?” sualına cavabında deyib.
Jurnalistin “Nə cür cinayətlər? Öz fikirlərini ifadə etməklə bağlı?” sualına cavabında dövlət başçısı qeyd edib: “Xeyr, müxtəlif cinayətlər. Hər hansı digər cinayət kimi. Mən dəqiq hansı olduğunu bilmirəm, amma bu, sadəcə olaraq, adi cinayətlərdir. Beləliklə, bizim bu cür səbəbimiz yoxdur. İkincisi, pandemiya dövründə bizim iqtisadi göstəricilərimiz ən yaxşılardan biridir. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Bu, bəzi Avropa ölkələrində olduğundan xeyli aşağıdır. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir, xeyli aşağı. İşsizlik səviyyəsi 7 faizdir, xeyli aşağı. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzdan 6 dəfə çoxdur. Bizdə daxili problemlər yoxdur, niyə mən buna başlamalıyam”.
“Siz Azərbaycanı demokratiya nümunəsi adlandırardınız?” sualında cavabında isə Azərbaycan Prezidenti belə cavab verib: “Xeyr, heç vaxt. Siz öz ölkənizi demokratiya nümunəsi adlandırarsınız?”
Jurnalist cavabında bildirib ki, müəyyən mənada, bəli.
“Lakin siz müxalifətin nümayişlərinə qadağa qoyursunuz”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
Jurnalist etiraz etsə də dövlət başçısı əlavə edib: “Bəli, bəli. Nümayiş keçirmək istəyən ekstremist - adını unutmuşam. Siz onlara qadağa qoydunuz”.
Jurnalist bu barədə bilmədiyini, hətta koronavirus dövründə də etirazlar keçirildiyini söyləyib.
Azərbaycan Prezidentinin jurnalistə cavabı belə olub: “Xeyr, koronavirus dövründən əvvəl idi. Biz nümunə deyilik və özümüzü bu cür göstərmirik. Lakin özlərini sanki belə göstərən ölkələr var, amma onlar etirazçıları qətlə yetirirlər. Siz “sarı jiletlilərin” etirazlarında neçə nəfərin qətlə yetirildiyini bilirsinizmi? Bilirsiniz, 10-dan çox adam qətlə yetirilib. Küçədə etirazçıları qətlə yetirirlər – 10 nəfər qətlə yetirilmişdi. Biz sizin Avropada etirazçıları necə döydüyünüzə baxırıq, siz onları atlarla döyürsünüz, itləri gətirirsiniz və bu, demokratiya hesab olunur”.