“Biz əməkdaşlığa açıq olan ölkəyik. Azərbaycanda müxtəlif xalqların nümayəndələri uzun illərdir ki, birgə yaşayır. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Bütün xalqların nümayəndələri yumruq kimi birləşdi”.
Eləcə də bax: Prezident mətbuat konfransı keçirir - Canlı
FED.az xəbər verir ki, bunu prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında Xocalı sakinlərinin ermənilərlə birgə yaşamaq istəyib-istəməməsi ilə bağlı suala cavab verərkən deyib.
Prezident bildirib ki, azərbaycanlılar ermənilərlə müxtəlif ölkələrdə birgə yaşayır: “Bu yaxınlarda mənə verilən məlumata görə, azərbaycanlı jurnalist Ermənistanın eks-müdafiə nazirinin bacısını da tapmışdı. Həmin şəxsin doğmaca bacısı burada yaşayır. Ona bir söz deyən varmı? Yoxdur.
Biz bundan sonra da buna hazırıq. Mən buna əminəm ki, köçkünlər sülhməramlı missiyasının tərkibində olan bölgələrə qayıtmalıdır. O cümlədən Xocalıya da biz qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır. Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırmını unutmayacağıq. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Biz heç kimi tələsdirmək, məcbur etmək istəmirik. Bizim birinci mərhələdə məqsədimiz azad edilmiş torpaqlara vətəndaşların qayıtması dayanır. Müharibədən 4 ay keçməmiş Ermənistan rəsmi şəxsləriylə təmaslar qurulur. Bu proses müsbət istiqamətdə gedir”.