Məlum olduğu kimi, bu gün Füzuli və Xocavənd rayonlarındakı hadisələrdə 7 polis əməkdaşı həlak olub, daha 6-sı yaralanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, saat 01 radələrində Füzuli rayonu ərazisində polislərin olduğu yük avtomobili aşıb. Nəticədə DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan bir qədər sonra Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində Əhmədbəyli-Füzuli-Şuşa yolunda çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı həlak olub. Saat 04:30 radələrində DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı digər nəqliyyat vasitəsi hadisənin baş verdiyi yerə çatarkən terrorçuların basdırdığı digər mina da partlayıb. Nəticədə nəqliyyat vasitəsində olan polis əməkdaşları 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olub.
Beləliklə, baş vermiş qəzada 3, terrorda 4 nəfər olmaqla, ümumilikdə 7 polis əməkdaşı həlak olub.