Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağla bağlı noyabrın 10-da üçtərəfli qaydada imzalanmış sülh sazişinin pozulması cəhdi ilə bağlı xəbərdarlıq edib.
Eləcə də bax: Putin Qarabağla bağlı gələcək məsləhətləşmələrdən danışdı
FED.az xəbər verir ki, Putin sazişin pozulmasının yalnız bir alternativi olduğunu deyib:
“Bəyanatın icrasını ləngitməyə çalışan insanlar bunu başa düşməldirlər ki, sazişin pozulmasının yalnız bir alternativi var – müharibə. Əgər, Allah qorusun, müharibə olarsa, onun qurbanlarının qanları bu razılaşmanı pozmağa çalışanların əllərinə bulanacaq”.
Qeyd edək ki, Ermənistanda hazırda da etiraz aksiyaları davam edir. Bir çox etirazçılar üçtərəfli bəyanatın pozulmasını tələb edir. Etirazçı ermənilərin fikrinə görə, Paşinyanı devirdikdən sonra, onun yerinə gələcək şəxs bəynata əməl etməyə bilər. 5 mindən çox itki verən Ermənistanın baş naziri Nikol Paşinyan isə ağır məğlubiyyəti etiraf edərək, bu bəyanatı xilas yolu kimi gördüyünü açıqlayıb.
Onu da xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bundan öncəki çıxışında "Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi ölkə üçün intihar olardı" demişdi. (Qafqazinfo)