“Biz hərbi əməliyyatlar başlayandan bəri hadisələrin inkişafını diqqətlə izləyirik”.
FED.az xəbər verir ki, bunu bu gün Gəncədə səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, türkdilli dövlətlər, türk dünyası və Türk Şurası Azərbaycanın işğal altındakı torpaqlarını azad etməklə bağlı qanuni haqqını qeyd-şərtsiz dəstəkləyir.
“Bu, bütün beynəlxalq sənədlərdə öz əksini tapıb”, - deyə Baş katib vurğulayıb.
BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsini xatırladan B. Amreyev ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, xüsusən də Türk Şurasının Ermənistanın işğalı altında olan ərazilərini azad etmək üçün mübarizə aparan Azərbaycana dəstək ifadə edən qərarlar qəbul etdiyini qeyd edib: “Müharibə davam edir. Bu müharibə Azərbaycan və qardaş Azərbaycan xalqı üçün ədalətli müharibədir, vətən müharibəsidir. Biz bu müharibədə Azərbaycanın yanındayıq. Dost Azərbaycana sülh və qələbə arzulayırıq”.
O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə tərəfdar olduğunu da vurğulayıb.
Baş katib Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulmasını pisləyib: “Gəncə şəhəri hərbi əməliyyatların aparıldığı münaqişə zonasından uzaqda yerləşir. Mülki əhali atəşə tutulmamalıdır. Buna heç nə ilə haqq qazandırmaq olmaz. Biz bunu qətiyyətlə pisləyirik və beynəlxalq ictimaiyyəti də Gəncədə baş verənləri pisləməyə çağırırıq. Raket zərbələri nəticəsində yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verirəm, yaralılara isə şəfa diləyirəm”.(apa)