Ermənistan Silahlı Qüvvələri hərbçilərinin Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 erməni hərbçi ölüb, 2-si yaralanıb.
Eləcə də bax: Kəlbəcər istiqamətində gərginlik davam edir - Müdafiə Nazirliyi
FED.az xəbər verir ki, “Sputnik Armeniya”nın yaydığı məlumata görə, itki barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Məlumata əsasən, iyulun 28-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dövlət sərhədində atəşkəsi pozub. Ermənistan Müdafiə Nazirliyinin yerli vaxtla saat 08.30-a olan məlumatına görə, Ermənistan tərəfdən 3 hərbçi ölüb, 2-si yaralanıb.
Müdafiə Nazirliyinin bu gecə yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir.
İyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.
Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
"Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin artırılmasına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür",- məlumatda bildirilir.