Azərbaycanın milli aviadaşıyıcısı AZAL tarixində ilk dəfə olaraq Qarabağa müntəzəm reyslərə başlayacaq. Belə ki, aviaşirkət iyulun 13-dən etibarən Bakıdan Füzuli şəhərinə və əks istiqamətdə müntəzəm uçuşlar həyata keçirəcək.
AZAL-dan FED.az-a verilən məlumata görə, uçuşlar həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Füzuliyə bir tərəfə aviabiletin qiyməti 78 manat təşkil edir. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir. Biletlər yaxın zamanlarda AZAL-ın saytında satışa çıxarılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Naxçıvan-Bakı marşrutunun sosial aspektləri nəzərə alınaraq, bu marşrut üzrə aviabiletlərin tarifi Azərbaycan Respublikasının vətəndaşları üçün dəyişməz qalıb, xarici vətəndaşlar üçün isə kommersiya şərtlərinə uyğun olaraq müəyyənləşdiriləcək.