Azərbaycanın aparıcı şirkətlərindən olan Veysəloğlu Şirkətlər Qrupu 2-ci Qarabağ müharibəsində 12 şəhid verib, şirkətin 1 əməkdaşı itkin düşüb.
Bu barədə FED.az-a şirkətdən bildirilib. Məlumatda deyilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi toplanışlara və Qarabağ uğrunda 2-ci Vətən müharibəsinin başlanması səbəbindən Azərbaycanda qismən səfərbərlik elan edilməsi ilə əlaqədar olaraq, ehtiyatda olan hərbi vəzifəlilərin çağrışına Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları da dərhal cavab reaksiya verib.
Veysəloğlu Şirkətlər Qrupu və Qrupa daxil olan şirkətlərin ümumilikdə 637 əməkdaşı döyüş bölgələrinə yollanıb.
Onlardan 12 nəfər torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub, 1 nəfər itkin düşüb.
Hərbi əməliyyatlar zamanı yaralanan 24 nəfər əməkdaşın isə tibb müəssisələrində müalicələri davam etdirilir.
Qeyd edək ki, rəhbərliyin qərarına görə, özəl klinikalarla mövcud müqavilə əsasında Şirkətlər Qrupunun Qarabağ döyüşlərində iştirak edərək xəsarət almış və müalicəyə ehtiyacı olan əməkdaşlarına, həmçinin onların ailə üzvlərinə hərtərəfli tibbi xidmət göstərilir. Onlar üçün xidmət tamamilə ödənişsiz, Şirkətlər Qrupunun hesabına həyata keçirilir.
Onu da əlavə edək ki, Veysəloğlu Şirkətləri Qrupu qanunvericiliyə müvafiq olaraq hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün çağırılan əməkdaşlarımızın iş yeri, vəzifəsi saxlanılmaqla onlara orta əmək haqqının ödənilməsini təmin edir.
Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində ölkə üzrə şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə dəstək məqsədilə həyata keçirdiyi çoxsaylı layihələrinin icrasını da davam etdirir.