“Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan Respublikasının Ermənistan ərazisində heç bir hərbi hədəfləri yoxdur. Azərbaycan Ordusu Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edir”.
FED.az- xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Ermənistan ərazisindən və işğal olunmuş ərazilərdən beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları tərəfindən bəyan edildiyi kimi ballistik, qadağan edilmiş kasetli reaktiv raketlər və ağır artilleriya ilə Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Goranboy, Ağdam, Ağcabədi, Naftalan, Daşkəsən Qəbələ, Kürdəmir, Siyəzən, Xızı və digər şəhər və rayonlarının dinc sakinləri və mülki obyektlər bombardman edilib: “Bu raket hücumları nəticəsində sıralarında 11 azyaşlı uşaq, 27 qadın olmaqla, 91 nəfər mülki insan həlak olub, 400-dən artıq mülki şəxs yaralanıb. Eyni zamanda, Ermənistan ərazisindən ağır artilleriya, ballistik və reaktiv raketlər, kasetli bombalar və digər atıcı silahlardan istifadə edilərək Azərbaycan Ordusunun mövqelərinə davamlı olaraq atəşlər açılır. Bu dözülməzdir”.