Respublika Əmtəə Birjası nəzdində fəaliyyət göstərən “Qiymətləndirmə Xidməti Mərkəzi” MMC erməni işğalı nəticəsində dəyən zərərin qiymətləndirilməsi üçün öz xidmətlərini dövlətə təkliıf edib.
FED.az xəbər verir i, bu barədə şirkətin yaydığı bəyanatda bildirilir. Sənəddə deyilir ki, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin 25 oktyabr 2020-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə çıxışı zamanı bu məsələyə toxunulub: «Mən tapşırıq vermişəm ki, işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işləri aparılsın, bütün dağıntılar qeydə alınsın, aktlar tərtib edilsin, bizim vətəndaşlarımızın dağıdılmış əmlakı uçota alınsın və əlbəttə ki, Ermənistan dövləti bu hərbi cinayətlərə görə cavab verəcəkdir. Bir daha bütün dünya gördü ki, biz hansı vəhşilərlə üz-üzəyik».
«Qiymətləndirmə Xidməti Mərkəzi» MMC-nin rəhbərliyi və kollektivi Ali Baş Komandan Cənab İlham Əliyevin çıxışını çağırış kimi qəbul edərək perspektivdə işğalçı Ermənistana və erməni hərbi canilərinə qarşı beynəlxalq hüquqi müstəvidə kontribusiya (təzminat), eləcə də işğal və hərbi təcavüz aktları, habelə Cenevrə Konvensiyaları və əlavə protokollarının pozuntusu nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələblərinin irəli sürülməsi çərçivəsində dağıdılmış infrastruktur, məişət-iaşə obyektləri və sair tikililərin qiymətləndirilməsi, dəymiş maddi ziyanın müəyyənləşdirilməsi və bununla əlaqədar digər müvafiq işlərin görülməsində dövlətimizə öz dəstəyini, xidmətlərini təklif edir.
«Məlum olduğu kimi Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə müşayiət olunan silahlı təcavüzü nəticəsində 1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur, məişət-iaşə obyektləri və sair tikililər dağıdılmışdır.
Bu baxımdan erməni hərbi canilərinin və işğalçı Ermənistan Respublikasının beynəlxalq cinayət hüququ və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq müvafiq cinayət, maddi və s. məsuliyyətə cəlb edilməsi ilə bağlı prosessual tədbirlər çərçivəsində cinayət nəticəsində Azərbaycan Respublikasına dəymiş zərərin müəyyənləşdirilərək tələb olunması mühüm hüquqi, siyasi əhəmiyyət kəsb edir»-deyə bəyanatda bildirilir.
Şirkət bildirir ki, 27 sentyabr 2020-ci il tarixdə başlayan II Qarabağ müharibəsi ərzində rəşadətli ordumuzun ardıcıl, inamlı qələbələri nəticəsində ölkəmizin bir sıra yaşayış məntəqələrinin işğaldan azad olunması Ermənistanın hərbi təcavüzü nəticəsində dəymiş maddi ziyanın müəyyənləşdirilməsi və daha dəqiq statistik göstəricilərin əldə edilməsi üçün münbit şərait yaradır.
Belə ki, 1991-ci ildə yaradılmış Respublika Əmtəə Birjasının nəzdində fəaliyyət göstərən «Qiymətləndirmə Xidmət Mərkəzi» MMC istənilən növ mülkiyyət hüququ obyektlərinin, daşınar və daşınmaz əmlakın mövcud qanunvericiliyə, beynəlxalq qiymətləndirmə standartlarına və prinsiplərinə müvafiq olaraq müxtəlif metodlarla qiymətləndirilməsini həyata keçirən zəngin və çoxillik təcrübəyə malik peşəkar kadr bazası və müasir texniki imkanları olan qiymətləndirmə şirkəti kimi ötən müddət ərzində müxtəlif fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının, məhkəmələrin və məhkəmə qərarlarının icrasını həyata keçirən icra və probasiya qurumlarının, eləcə də istintaq orqanlarının sifarişləri üzrə müxtəlif mülkiyyət obyektlərinin operativ, düzgün, obyektiv və şəffaf şəkildə qiymətləndirilməsini təmin etmişdir.
Qarabağ Azərbaycandır!!»