Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri başa çatıb.
FED.az xəbər verir ki, monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutub.
Monitorinq qrupunun üzvləri danışıqlardan sonra Şuşaya qayıdıb.
Qeyd edək ki, dekabrın 3-də Xocalıda, Rusiya sülhməramlı qüvvələrinin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb. (Apa)