Azərbaycanda əhalinin 90%-ə qədər hissəsi işğaldan azad olunan ərazilərə səfər etmək istəyir.
FED.az xəbər verir ki, bu Media Təhlil Mərkəzi (MTM) tərəfindən 15-20 sentyabr tarixlərində keçirilən sorğuda məlum olub.
Sorğuda respondentlər bir neçə, o cümlədən torpaqların müharibə yolu ilə azad edilməsinin səbəbləri barədə suallara da cavab veriblər. Cavab verənlərin 42%-i torpaqların hərbi yolla azad edilməsinin səbəbi olaraq Ermənistanın siyasi rəhbərliyini, 21%-i xarici qüvvələri səbəbkar hesab edib. 37% isə hesab edib ki, məhz ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi torpaqların müharibə yolu ilə hazad edilməsinin səbəbi olub.
Növbəti sualla respondentlərin Qarabağa səyahət planlarını müəyyən etmək mümkün olub. Məlum olub ki, əhalinin yalnız 6%-i Qarabağa səyahət etməyi planlaşdırmır. Cavab verənlərin 53%-i yaxın gələcəkdə Qarabağa səyahət etməyi planlaşdırdığını, 36%-i təhlükəsizlik tədbirlərinin tam təmin olunacağı halda gedəcəyini, 5%-i artıq səyahət etdiyini, 6%-i isə səyahət etməyi düşünmədiyini bildirib.
Əhali işğaldan azad edilən ərazilərlə iqtisadiyyatın inkişaf etdirilməsinə də münasibətini bildirib. İşğaldan azad edilmiş ərazilərdə biznes barədə suala cavab verənlərin 30%-i sözügedən torpaqlarda yeni fabrik və zavodların açılmasının zəruri olduğunu qeyd edib. Respondentlərin 28%-i xüsusi iqtisadi zonaların yaradılmasını, 21%-i xarici investisiyaların cəlb edilməsini, 21%-i isə aqroparkların və fermer təsərrüfatlarının yaradılmasını məqsədəuyğun hesab edir.
İştirakçılar işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın hansı sahələrinin aparıcı olacağı ilə bağlı suala aşağıdakı kimi cavab veriblər. Rəyi soruşulanların 51%-i bildirib ki, bu ərazilərdə turizm və xidmət sektoru, 35% hesab edib ki, kənd təsərrüfatı inkişaf etdirilməlidir. Sorğuda ihştirak edənlərin 8%-i sənaye, 4%-i tikniti, 2% isə ticarətin inkişafını vacib sayıblar.
Qeyd edək ki, sorğuda 890 nəfər iştirak edib, onların 40%-ni qadınlar, 60%-ni kişilər təşkil edib.