Prezident İlham Əliyev Avropanın aparıca dövlətlərini, eləcə də, strukturlarını Azərbaycan və Ermənistana ikili standartlar tətbiq etməkdə ittiham edib.
FED.az xəbər verir ki, prezident bu fikri noyabrın 20-də xalqa müraciətində səsləndirib.
Dövlət başçısı bildirib ki, Azərbaycanla bağlı dəfələrlə məruzəçi təyin edən Avropa Şurası rəsmi Yerevanın məğlub sənədi imzalamasından sonra Ermənistanda baş verən hüquq pozuntularını görməməzliyə vurur.
«Bizim qələbəmiz artıq Ermənistanda böyük problemlər yaratdı. Amma baxın beynəlxalq təşkilatların buna reaksiyası nədir? Varmı reaksiya? Yoxdur. Ermənistanda gündə hansısa müxalifət lideri həbs olunur, özü də tamamilə əsassız. Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox. Bunu qınayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası haradasan? Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan, haradasan Avropa Şurası, niyə susursan?»
İlham Əliyev bildirib ki, hazırda repressiyaların davam etdiyi Ermənistandakı proseslərə Avropa institutları lazımi reaksiya vermirlər:
«Yaxud da ki, monitorinq komitəsi. Orada bizim Azərbaycan üzrə bir neçə məruzəçi təyin ediblər. Ermənistan monitorinq altında olmalıdır. Niyə susursan Avropa Şurası? Hanı sənin rəhbərlərin, hanı sənin monitorinq komitən, siyasi komitən. Görmürsünüz ki, Ermənistanda repressiya baş alıb gedir? Görmürsünüz ki, diktator at oynadır? Özü də məğlub edilmiş diktator, rəzil vəziyyətdə olan diktator. Bəs, niyə səsinizi çıxarmırsınız? Bəs, hanı sizin demokratiyanız, insan haqlarınız? Cavab var? Yoxdur. Olmayacaq. Mənim sözlərimdən sonra bax, görərsiniz, olmayacaq. Ört-basdır edəcək, ört-basdır».
Prezident bildirib ki, özlərini Avropanın lideri sayan ölkələr də bu qanunsuzluqlara göz yumurlar: «Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib. Niyə susursan Avropa Parlamenti? Özünü guya dünyanın demokratiya mərkəzi sayırsan. Bir səs çıxar, açıqlama ver, bəyanat ver, qına bunu. Dünyanın gözü qarşısında diktator bütün müxalifəti məhv edir. Bir adamı öldürüb. O parlamenti zəbt edənlər arasında bir nəfər artıq ölü tapılıb. Nə üçün səs qaldırmırsınız? Niyə?
Müntəzəm olaraq bizə qarşı çirkin kampaniya aparan qeyri-hökumət təşkilatları, niyə susursunuz, niyə söz demirsiniz? Yaxşı, ballistik raketlə bizi vurdu susdunuz, kasetli bombalarla, fosforlu bombalarla bizi vurdu susdunuz. Böyük ölkələr, özlərindən Avropanın lideri düzəldən ölkələr, siz niyə susursunuz? Deyin, cavab verin. Yoxsa, yerindən duran burada bizə mız qoymaq istəyir, sataşmaq istəyir. Hamısının cavabını verirəm, hamısının, artıqlaması ilə».