Yanvarın 6-7-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Qubadlı, Zəngilan, Tərtər rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən – 6 (altı) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 1 (bir) müraciət daxil olub.
ANAMA-dan FED.az-a verilən məlumata görə, 7 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 13 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 216 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 40 ədəd tank əleyhinə mina, 2 ədəd silah, 2 ədəd təlim mərmiləri, 3527 ədəd müxtəlif çaplı patronlar və 11 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 1141 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 80 min 641 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb