İşğaldan azad olunmuş Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması sistemlərinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun iclası keçirilib.
FED.az xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından daxil olan məlumatda bildirilir.
Ağdam şəhərində baş tutan iclasda “Azərsu” ASC-nin və işçi qrupuna daxil olan digər dövlət təşkilatlarının əməkdaşları və mütəxəssislər iştirak edib.
İclasda Ağdam rayonunda içməli su təchizatının bərpası məqsədilə görülmüş təxirəsalınmaz işlər barədə məlumat verilib. Bildirilib ki, Ağdam rayonu işğaldan azad olunduqdan sonra məskunlaşma olan obyektlərin içməli su ilə təmin olunması məqsədilə təxirəsalınmaz işlər həyata keçirilib. Ağdam rayonu ərazisində Monitorinq Mərkəzinin tikintisi layihəsi çərçivəsində içməli və tullantı su xətləri çəkilib, su anbarı, nasos stansiyası, infiltriasiya və septik qurğular inşa edilib. Ağdam rayonunun Xıdırlı kəndində yeni subartezian quyusunun qazılmasına başlanıb. Quyu ərazisindən magistral və paylayıcı su xətləri inşa olunub.
Ağdam şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması ilə bağlı perspektiv layihələr, bu sahədə innovativ texnologiyaların tətbiqi və ətraf mühitə təsirin qiymətləndirilməsi məsələləri ilə bağlı təqdimat keçirilib. Qeyd olunub ki, Ağdam şəhərinin içməli su layihəsi hazırlanarkən əhalinin içməli suya tələbatı, sənaye və turizm imkanları nəzərə alınacaq. Ağdam şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə kompleks tədqiqat işləri aparılacaq. İlkin mərhələdə yeraltı mənbələr hesabına şəhərə suyun verilməsi üçün 2 kəşfiyyat quyusu qazılıb və tədqiqat işləri davam etdirilir.
İclasda Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış sularının idarə edilməsi şəbəkələrinin yaradılması, bu sahədə ağıllı və innovativ texnologiyaların tətbiqi ilə bağlı müzakirələr aparılıb.