Ağdamda “model müəssisə” prinsipi ilə yeni heyvan kəsim məntəqəsi açılıb.
Bu barədə FED.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd olunub ki, AQTA-nın təşəbbüsü ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Ağdam rayonunun İmamqulubəyli kəndində “model müəssisə” prinsipi əsasında yeni qurulmuş heyvan kəsimi məntəqəsi açıb.
Bildirilib ki, məntəqədə hər gün 12-15 baş iribuynuzlu və 20-25 baş xırdabuynuzlu heyvanın kəsimini həyata keçirməkdən ötrü hər cür şərait yaradılıb. Məntəqədə texnoloji ardıcıllıq gözlənilir və çarpaz çirklənmə mövcud deyil. Diri heyvanların, həmçinin hazır məhsulun gətirilməsi və aparılması üçün ayrı-ayrı qapılar qoyulub.
Cəmdəklərin və subməhsulların çirklənməsinin qarşısının alınması məqsədilə kəsilmiş heyvanların mədə və dərilərinin təmizlənməsindən ötrü otaqlar ayrılıb. Baytarlıq-sanitariya ekspertizasını həyata keçirmək üçün lazımi avadanlıqlarla təchiz edilmiş həkim otağı mövcuddur. Məntəqə dezinfeksiya işlərinin mütəmadi olaraq aparılmasından ötrü avadanlıq və dezinfektantlarla təchiz edilib.