Ağdam şəhərindəki konfrans mərkəzində BMT-nin Ətraf Mühit Proqramı tərəfindən (UNEP) Ağdam rayonunda tikinti-söküntü tullantılarının idarə edilməsi ilə bağlı hazırlanmış hesabatın təqdimatı təşkil edilib.
FED.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ətraf mühitə dəymiş zərərlərin aradan qaldırılmasına beynəlxalq dəstəyin göstərilməsi məqsədilə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ekspertlərinin ötən il işğaldan azad olunmuş ərazilərə qiymətləndirmə səfəri həyata keçirilib. Ərazilərdə tikinti-söküntü tullantılarının idarə olunması üçün Şuşa şəhəri və Ağdam rayonu ərazilərindən götürülmüş tikinti-söküntü nümunələri üzərində laborator təhlillər aparılıb, tullantıların təkrar emal edilərək tikintidə istifadəyə yararlı olduğu müəyyən olunub.
Təqdimat mərasimində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və müvafiq dövlət qurumlarının nümayəndələri, İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəlikləri, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin, “Şərqi Zəngəzur İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları, həmçinin tikinti sahəsində təcrübəyə malik yerli şirkət nümayəndələri iştirak edib.
Tədbirdə Ağdam rayonunda planlaşdırılan yenidənqurma və bərpa işləri, tikinti-söküntü tullantılarının miqdarı və təkrar emal imkanları daxil olmaqla, dağıntıların qiymətləndirilməsi və təkrar emalı ssenarilərinin əsas nəticələri ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib.
Təqdim edilmiş hesabat əsasında Ağdam rayonunda tikinti-söküntü tullantılarının idarə edilməsi ilə bağlı Fəaliyyət Planının hazırlanması istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi həyata keçirilib, bu təcrübədən istifadə edərək işğaldan azad edilmiş digər ərazilərdə də analoji fəaliyyətin planlaşdırılması qərara alınıb.
Ağdamda işğal dövründəki tikinti-söküntü tullantıları təkrar emal edilərək istifadə olunacaq
15:44
15 Mart 2023