İki gündür keçidi ləngidilən Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə keçidi baş tutub.
FED.az biznes və maliyyə xəbərləri portalı APA-ya istinadən xəbər verir ki, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndinə doğru hərəkət edib.
Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam-Əsgəran-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunundan keçərək Xankəndinə gedib.
AzQAC-ın Baş katibi: Deyə bilərik ki, Ağdam marşrutu açılıb
“Gördüyünüz kimi Rusiya Qızıl Xaç Cəmiyyətinin 1 TIR avtomobili və onu müşayiət edən heyət Rusiya sülhməramlılarının blok postunu keçərək Ağdam-Xankəndi yolu ilə hərəkət edir”.
Bunu AzQAC-ın Baş katibi Ceyhun Mirzəyev jurnalistlərə bildirib.
“Amma biz 15 gündür gözləyirik, müvafiq işçi heyətimiz də burdadır. Bu artıq ayrı mövzudur. Bununla bağlı müzakirələr davam edir. Lakin deyə bilərik ki, Ağdam marşrutu açılıb” – Mirzəyev vurğulayıb.