Ağalı kənd sakinlərinin məşğulluq məsələlərinin icrası ilə bağlı tədbirlər davam edir.
FED.az Real tv-yə istinadən xəbər verir ki, bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən kənd sakini olan 3 ailə özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib. Ümumilikdə 30 sakini özünüməşğulluq proqramına cəlb olunub. Həmçinin, kənd sakinlərinin peşə biliklərinin artırılması və məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə orada peşə hazırlığı kursları təşkil olunur.
Bu günə qədər kənd sakinlərindən 24 nəfəri münasib işlərlə təmin olunub, məşğulluq tədbirlərinə cəlb edilə bilən daha 35 sakin isə müsahibə mərhələsindən uğurla keçib və yekun sənədləşmə mərhələsindədir.
Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər). Yeni Ağalı kəndinə dörd mərhələdə 41 ailə köçürülüb.