44 günlük Qərabağ Müharibəsinin sonunda Ermənistanın kapitulyasiya aktını imzalamasıyla müharibənin dayandırılması düzgün addım idi.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Zəfər Günü münasibəti ilə ilk dəfə olaraq Xankəndidə keçirilən hərbi paraddakı çıxışında bildirib.
Dövlət başçısı qeyd edib ki, 2-ci Qarabağ savaşından sonra baş verənlər göstərdi ki, vaxtilə ordunun Xankəndinin bir addmlığında olduğu bir vaxtda hərbi əməliyyatların dayandırılması doğru addım idi və Azərbaycanın öz məqsədlərinə nail olmasına imkan verdi.
«Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və bu gün bizim, bax, burada - Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi».
Dövlət başçısı bildirib ki, artıq o vaxt Xankəndinin də Azərbaycanın nəzarətinə qaytarılacağını bilirdi, sadəcə hərbi əməliyyatın dayandırılması bir sıra rayonların itkisiz, bir güllə də atılmadan geri qaytarılmasına imkan verdi: «O vaxt mən heç şübhə etmirdim ki, gün gələcək və burada - Xankəndi şəhərində Azərbaycan Bayrağı qaldırılacaqdır. 44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdür. Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi».
İlham Əliyev deyib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ordu quruculuğu prosesini daha da sürətləndirib və gələcəkdə lazım olarsa əlverişli mövqeləri tutmağa başlayıb.
«Dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq. Nə üçün biz bunu edirdik? Çünki biz bilirdik ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Biz bilirdik ki, Ermənistanın arxasında dayanan və onları bizə qarşı hərəkətə təhrik edən xarici qüvvələr onlara yenə də təxribatçı siqnallar verəcəklər. Ona görə biz öz sərhədimizi qorumalı idik və keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir. Bununla bərabər, Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat bu bölgədə də əlverişli yüksəkliklərə sahib olmaq üçün bizə şərait yaratdı».
Əliyev bildirib ki, buəməliyyatlar eyni zamanda Ermənistan siyasi rəhbərliyinə də bir siqnal olub ki, noyabr razılaşmasının bütün bəndlərinə əməl etsinlər və xüsusilə silahlı qüvvələrini Azərbaycandan çıxarsınlar, amma qarşı tərəf bundan lazımi nəticə çıxara bilməyib.
«Son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdır.
Bu Ermənistan rəhbərliyinə bir siqnal idi idi ki, kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlisiniz və ilk növbədə, öz silahlı qüvvələrinizi Qarabağdan çıxarmalısınız, bu, sizin öhdəliyinizdir. Amma həyatda biz bunun əksini gördük, nəinki Ermənistan silahlı qüvvələri çıxarılmadı, əksinə, daha çox qüvvə göndərilmişdi. O vaxt Laçın-Xankəndi yolu hələ bizim nəzarətimizdə deyildi, silah-sursat, minalar gətirilmişdi və Ermənistanın siyasi rəhbərliyi Qarabağdan öz silahlı qüvvələrini çıxarmaq istəmirdi».
Əliyev xüsusi qeyd edib ki, həmin tələblər vaxtında yerinə yetirilsəydi, antiterror əməliyyatına ehtiyac qalmayacaqdı: «Əgər o vaxt mənim sözümə baxsaydılar, sentyabr ayında keçirilmiş antiterror əməliyyatına ehtiyac qalmazdı. Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir».
Dövlət başçısı vaxtilə 1990-cı illərdə erməni millətçilərinin Azərbaycana Qarabağ müharibəsinə çevrilən qarşı nankorluğunu və ərazi iddialarını xatırladıb:
«O vaxt Azərbaycanın çörəyini yemiş, Azərbaycanın suyunu içmiş nankor kütlə Azərbaycana qarşı, bax, bu meydanda ərazi iddiası qaldırmışdır. Bax, bu binada - Azərbaycan dövləti tərəfindən vaxtilə inşa edilmiş binada Azərbaycana qarşı məkrli planlar hazırlanırdı. Erməni xalqının bəlalarının səbəbkarları Ermənistana rəhbərlik etmiş bütün şəxslərdir».
Əliyevin sözlərinə görə, Ermənistana himayədarlıq edən ölkələr bu hadisələr görə məsuliyyəti 100% onlarla bölüşürlər: «Onlar (Ermənistan) hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlayacaqlar. Özləri buna o qədər inanmışdılar, xarici tərəfdaşları da inandırmağa çalışırdılar ki, onların güclü orduları var, onların güclü potensialı var, güclü himayədarları var və Azərbaycan heç vaxt torpaqları hərbi yolla azad etməyə cürət etməyəcək. Onların dəyirmanına su tökənlər, bu gün də onların arxasında dayanmış bəzi ölkələr bu məsuliyyəti onlarla 100 faiz bölüşürlər».
İlham Əliyeva sentyabr ayında keçirilmiş antiterror əməliyyatının cəmi bir gün davam etdiyini xatırladıb: «Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik».