Ermənistanda səfərdə olan ermənipərəst siyasətçi, ABŞ ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Yeravanda Azərbaycan əleyhinə bəyanatlar səsləndirib.
FED.az xəbər verir ki, yüksək vəzifə daşıyan Nensi Pelosinin səfəri ABŞ-dakı erməni əsilli konqresmenlər və siyasətçilər, eləcə də ABŞ-dakı Erməni Assambleyası tərəfindən təşkil edilib.
Səfərdə məqsəd Pelosinin Ermənistana dəstək verməsi idi. Bu gün Yerevanda çıxış edən Abş siyasətçisi Azərbaycana qarşı qərəzli və sərt bəyanatlar səsləndirib: «Azərbaycanın Ermənistan ərazisinə «qanunsuz və ölümcül hücumlarını» qətiyyətlə pisləyirik».
Qeyd edək ki, iki ölkə sərhədində sentyabrın 12-də baş verən qarşıdurma məhz Ermənistanın təxribatı ilə – bu ölkənin silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə başlayıb. Azərbaycan Ordusu isə həmin təxribatların qarşınısı almaq üçün tədbirlər həyata keçirib.
Ermənipərəst mövqeyi ilə seçilən Pelosi isə bildirib ki, ABŞ «hücumun Azərbaycan tərəfindən həyata keçirildiyini» təsdiqləyib və Konqres «Azərbaycanın təcavüzünü» pisləyən qətnamə layihəsi hazırlayıb.
Nensi Pelosi Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz qurumu da müdafiə edib - burada guya Azərbaycan tərəfindən vandalizm törədildiyini bildirib: «Azərbaycanın “Artsax”ın mülki əhalisinə qarşı hərəkətləri, tarixi abidələrə qarşı vandalizmi də bizim diqqətimizdədir».
Qeyd edək ki, Nensi Pelosi ABŞ-ın Kaliforniya ştatından Senata seçilib, sözügedən ştatda erməni lobbisi ənənəvi olaraq böyük təsirə malikdir. Görünür, məhz buna görə, Nümayəndələr Palatasının sədri 1992-ci ildən başlayaraq Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın böyük ərazisniin işğal edildiyi 30 il ərzində indiyədək bu barədə bəyanat verməyib və Ermənistanın işğalını bir dəfə də olsun pisləməyib.
Ekspertlər Nensi Pelosinin Ermənistana bu dəfəki səfərinin Ermənistana dəstəkdən daha çox , qarşıdakı seçkilərdə erməni seçicilərin rəğbətini qazanmaq istəəyi ilə izah edirlər.
Xatırladaq ki, Azərbaycan-Ermənistan sərhədində budəfəki qarşıdurma sentyabrın 12-də başlayıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, centyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarını minalayıb. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Qarşıdurma Azərbaycan tərəfdən 80-ə yaxın şəhidin həlak olması, eləcə də 282 hərbçinin yaralanması ilə nəticələnib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görüb.