2024-cü ildə keçmiş məcburi köçkünlər Qarabağ və Şərqi Zəngəzurda beş şəhərə - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qaytarılacaqlar.
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib.
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaq”, - deyə o bildirib.
Prezident əlavə edib ki, Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur.
Əliyev vurğulayıb ki, 2024-cü ildə Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndlərinə keçmiş köçkünlərin qaytarılması davam edəcək.
O qeyd edib ki, 2024-cü ilin İnvestisiya Proqramı artıq bir neçə dəfə müzakirədən keçib və yaxın günlərdə təsdiqlənəcək. Əliyev vurğulayıb ki, “bu il Qarabağ və Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bu, nəhəng layihələrdir”.