Prezident İlham Əliyev ABŞ-ın «Fox News» televiziya kanalına müsahibəsində Qarabağdakı hərbi əməliyyatların gedişi ilə yanaşı, ordumuzda guya muzdlu xaricilərin vuruşması ilə bağlı suallara da aydınlıq gətirib.
FED.az xəbər verir ki, Amerikalı jurnalistin bununda bağlı qərəzli suallarını cavablandıran dövlət başçısı Azərbaycan Ordusunun canlü qüvvə potensialını da açıqlayaraq xaricilərə ehtiyac olmadığını bildirib.
«Fox News» TV: - Gəlin, əsgərlər, döyüşdə olan qoşunlar barədə danışaq. Fransadan, Rusiyadan olan çoxsaylı mənbələr, həmçinin “New York Times”ın müstəqil jurnalistləri qətiyyətlə iddia edirlər ki, Türkiyə tərəfindən toplanmış və gətirilmiş yüzlərlə suriyalı silahlı Sizin müharibədə döyüşür. Niyə Sizin müharibədə - Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlılar döyüşür?
İlham Əliyev: - Bu, daha bir feyk xəbərdir. Mən təəssüf edirəm ki, Rusiya və Fransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Mən sübutlar, dəlillər tələb etdim və hələ də tələb edirəm. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransa tərəfindən bizə heç bir dəlil və ya sübut təqdim olunmayıb.
«Fox News» TV: - Dəlil “New York Times”dadır. Sizi beş gün əvvəlki məqaləyə yönləndirə bilərəm. Orada deyilir ki, Azərbaycanda qətlə yetirilmiş 57 suriyalı döyüşçü Türkiyə sərhədinin o biri tərəfində geri qaytarılaraq Suriyada dəfn olunub. Ailələrinin hamısı təsdiqləyiblər ki, onlar Sizin ordunuzla birlikdə döyüşmək üçün Azərbaycana getmişdilər.
İlham Əliyev: - Siz Prezident Trampın “New York Times”ı necə adlandırdığını bilirsiniz, xatırlayırsınız? Feyk xəbərlər. Bu, feyk xəbərdir. Heç bir dəlil, heç bir sübut yoxdur. Bizə dəlil verin, sadəcə....
«Fox News» TV: - Maraqlıdır, Sizin yüz min əsgəriniz var. Suriyadan bir neçə qeyri-mütəşəkkil silahlı nəyinizə lazımdır?
İlham Əliyev: – Bəli, tamamilə doğrudur.
«Fox News» TV: - Sual olunur niyə?
İlham Əliyev: - Bizim onlara ehtiyacımız yoxdur. Mən elə bu barədə danışıram. Nizami orduda 100 min əsgər, üstəgəl bir neçə gün ərzində biz bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edə bilərik, üstəgəl müasir avadanlıq. Bizim heç bir muzdluya əsla ehtiyacımız yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbərdir.