2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda sərmayə qoyulan sahələrlə bağlı ilkin göstəricilər açıqlanıb. Maraqlı göstəricilərdən biri təhsil sahəsi üzrə qeydə alınıb. Bu sektora investisiya qoyuluşu 170 dəfə artaraq, 41,7 mln. manata yüksəlib.
FED.az xəbər verir ki, burada təhsil müəssisələrinə verilən vergi güzəştləri də mühüm rol oynayır.
Belə ki, dividendlərin ödənilməsinə yönəldilməyən mənfəət tam olaraq vergidən azad edilir, dividendlərə yönəldilən hissə isə vergiyə ümumi qayda ilə cəlb olunur.
Məcəllədəki güzəştlə bağlı müddəanın əsas məqsədi təhsil ocaqlarının sərəncamında qalan mənfəət hesabına maddi-texniki bazanın inkişafının stimullaşdırılmasıdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar ayında nəqliyyat və anbar təsərrüfatı sahəsinə 307,2 mln. manat (artım 41,4%), rabitə və informasiya sahəsinə 26,2 mln. manat (artım 7,1 dəfə) investisiya qoyulub. Dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə sərmayələr isə 43,8% azalaraq, 40,1 mln. manat təşkil edib.
Sənaye sahəsinə investisiya qoyuluşlarına gəldikdə 2019-cu ildə bu göstəricilər 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 22,2% - 846,5 mln. manatadək azalıb.
Ümumilikdə bu ilin yanvar-fevral Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 49,5%-i sənaye sahəsinə yönəldilib. Mədənçıxarma, emal sənayelərinə investisiya qoyuluşları azalıb.