Gürcüstanda xarici ölkə vətəndaşları kənd təsərrüfatına yararlı torpaq sahələrini miras yolu ildə əldə etmək hüququna malik olacaqlar.
FED.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Kənd təsərrüfatı komitəsinin sədri Otar Danelia bildirib.
O deyib ki, mirasla bağlı istiqamət təşviq olunacaq və bir sıra güzəştlər tətbiq ediləcək: “Xarici ölkə vətəndaşı olan fiziki şəxsin Gürcüstanda kənd təsərrüfatına yararlı torpaq sahəsi almaq hüququ olmayacaq, lakin icarə hüququ qeyri-məhdud olacaq. Hüquqi şəxslərə gəlincə isə mütləq dominant Gürcüstan vətəndaşı və ya gürcü subyekt olmalıdır”.
Komitə sədri qeyd edib ki, parlamentdə müzakirə olunacaq yeni qanun layihəsində ölkədə kənd təsərrüfatına yararlı torpaqlara sahib olan və onları becərməyən xarici ölkə vətəndaşlarına qarşı 20 min - 30 min lari (7,4 min - 11,1 min dollar) arasında cərimənin tətbiq olunması nəzərdə tutulub.
Qeyd edək ki, Gürcüstanda ötən il dekabrın 16-da qüvvəyə minmiş yeni Konstitusiyaya əsasən, kənd təsərrüfatı torpağı sosial resurs kimi yalnız dövlətə, özünüidarəetmə vahidinə, Gürcüstan vətəndaşı və ya ölkə vətəndaşlarının birliyinə məxsus ola bilər. Bununla da ölkənin əsas qanunu ilə kənd təsərrüfatı torpaqlarının xarici vətəndaşlara satılması tam qadağan olunub.
Hazırda qonşu ölkədə, təxminən, 45 000 - 50 000 hektar aqrar torpaq sahələri əcnəbilərin mülkiyyətindədir.