“Bu il Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə 3570 yeni müraciət daxil olub. Bu da ötən illərin dinamikası ilə eynidir”.
FED.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən və təhsil nazirinin müşaviri Həsən Həsənli deyib.
O bildirib ki, həmin müraciətlərin 20 faizinə mənfi rəy verilib: “Bunun da bütün səbəbləri aydın şəkildə göstərilib. Şəxslərin böyük əksəriyyəti problemsiz sənədlərin tanınmasına nail olub. Azərbaycan vətəndaşları ən çox Türkiyə universitetlərində təhsil alırlar. Bu il həmin ölkənin məzunları içərisində diplomu tanınmayan olmayıb. Mənfi rəy alanlar, əsasən, Rusiya, Ukrayna və Gürcüstanın bəzi universitetlərini bitirənlərdir”.
H.Həsənli qeyd edib ki, diplomlarının tanınmasının gecikmə səbəbləri müxtəlifdir: "Səbəblərdən biri müvafiq təşkilatlarla işləməklə bağlıdır. Daha bir səbəb məzunlarla müsahibələrin təşkili ilə əlaqədardır. Çünki müsahibə üçün vaxtın təyin olunması lazım gəlir və bu, asan olmur. Həmçinin müraciətlərin əksəriyyəti təhsilini bitirib gəldikdən sonra hərbi xidmətə gedənlərlə bağlıdır. Onların müsahibələrə gəlməsi də vaxt alır".
O əlavə edib ki, müsahibə etməkdə məqsəd məzunun dil biliklərini yoxlamaq, yaxud terminləri soruşmaq deyil: "Əgər həmin şəxs təhsil aldığı ölkənin dilini bilmirsə, faktiki olaraq ixtisas biliklərinə yiyələnməsi mümkün deyil. Hər bir şəxsin ixtisasına uyğun biliklərini yoxlamağa kifayət qədər resurs yoxdur. Limit olaraq ən yaxşılarını müəyyən etmək bizim işimiz deyil. Bunu bazar, işə götürənlər müəyyən etməlidir”.